BMT: fövqəladə iqlim vəziyyəti Yer kürəsindəki sülhə birbaşa təhlükədir

BMT: fövqəladə iqlim vəziyyəti Yer kürəsindəki sülhə birbaşa təhlükədir

Vakıf Katılım

Qlobal iqlim dəyişikliyi onlarca ölkənin inkişafına və regionların rifahına birbaşa təhlükə doğurur. Xbr.az BMT-nin Xəbərlər xidmətinə istinadla bildirir ki, bu barədə BMT Baş katibinin Avropa, Mərkəzi Asiya, Şimali və Cənubi Amerika ölkələri üzrə köməkçisi Miroslav Yença Təhlükəsizlik Şurasının üzvlərinə müraciət edərək bildirib. O deyib: “Rekord temperaturlar, dəniz səviyyəsinin görünməmiş artımı və tez-tez baş verən ekstremal hava hadisələri planet və insan əhalisi üçün olduqca təhlükəli bir gələcəyin mənzərəsini çəkir. Resurslar uğrunda rəqabət kəskin şəkildə artır, bu da öz növbəsində köhnə münaqişələrin yenilənməsi və yeni münaqişələrin yaranmasına gətirib çıxara bilər. Fövqəladə iqlim vəziyyəti bütün Yer kürəsində sülh və əmin-amanlıq üçün birbaşa təhlükədir”.

 

Miroslav Yença vurğulayıb ki, iqlim dəyişikliyi və münaqişələr arasında avtomatik əlaqə mövcud deyil, lakin iqlim problemləri mövcud riskləri artırır. Bununla belə, qlobal iqlim dəyişikliyinin nəticələri regiondan-regiona dəyişir: sosial-iqtisadi vəziyyəti qeyri-sabit olan dövlətlər daha həssasdır və iqlim dəyişikliyinin nəticələrinin öhdəsindən daha çətin gələ bilir. Təsadüfi deyil ki, daha həssas və iqlim dəyişikliyinin nəticələrinin öhdəsindən gəlməyə ən az hazırlıqlı olan on ölkədən yeddisində hazırda sülhməramlı əməliyyatlar keçirilir və ya BMT-nin xüsusi siyasi missiyası var.

 

Sakit okean regionunda dəniz səviyyəsinin yüksəlməsi tez-tez baş verən ekstremal hava hadisələri ilə kəskinləşir, bu da öz növbəsində sosial sabitlik və insan inkişafı üçün risk yaradır. Mərkəzi Asiyada su qıtlığı, həmçinin təbii ehtiyatlara və enerjiyə məhdud çıxış regional gərginliyi artırır. 2050-ci ilə qədər Afrika, Cənubi Asiya və Latın Amerikası ölkələrində iqlim dəyişikliyi səbəbindən 140 milyondan çox insanın yaşayış yerini tərk edəcəyi gözlənilir ki, bu da həmin regionların sabit inkişafı üçün dağıdıcı nəticələrə səbəb olacaq. Afrika Buynuzu və Yaxın Şərqdə iqlim dəyişikliyinin nəticələri uzun müddət davam edən millətlərarası incikliyi dərinləşdirdi və silahlı münaqişələr riskini daha da artırdı. Bu və digər təhlükələri yumşaltmaq üçün Yença Paris İqlim Sazişinin müddəalarına riayət edilməsi, eləcə də bir sıra digər tədbirlərin qəbul edilməsinə çağırıb.

 

BMT Baş katibinin köməkçisi deyib: “İqlim dəyişikliyinin öhdəsindən gəlmək üçün biz bir neçə istiqamət üzrə hərəkət etməliyik. Birincisi, iqlimin uzunmüddətli proqnozlaşdırılmasını səmərəli və etibarlı təhlilə əsaslandırmaq üçün yeni texnologiyalardan istifadə etmək və analitik imkanları genişləndirmək lazımdır”.

 

Miroslav Yença hesab edir ki, gündəlik həyatda iqlim dəyişikliyinin nəticələri ilə qarşılaşan və artıq iqlim təhlükəsizliyi sahəsində şəxsi strategiyasını hazırlayanlardan nümunə götürmək lazımdır. O deyib: “Bununla əlaqədar olaraq mən müzakirələrdə ən müxtəlif baxışların səsləndiyinə görə Təhlükəsizlik Şurasının bugünkü iclasının təşkilatçılarına minnətdarlığımı bildirirəm”.

 

BMT Baş katibinin köməkçisinin sözlərinə görə, Birləşmiş Millətlər Təşkilatı, BMT üzv-dövlətləri, regional və milli təşkilatların çoxtərəfli beynəlxalq tərəfdaşlığını gücləndirmək lazımdır.

 

Miroslav Yença deyib: “Son illərdə iqlim dəyişikliyi və planetdə sülh və təhlükəsizliyin qorunub saxlanması arasındakı əlaqələri anlamaqda əhəmiyyətli bir tərəqqiyə nail olmuşuq. Lakin iqlim dəyişikliyi durmadan davam edir və bu prosesin kaskad təsiri, istər-istəməz, inkişaf edəcək. Bu vəziyyətdə biz ayıq olmalı və mövcud yanaşmaları bugünkü vəziyyətə uyğunlaşdırmalıyıq”


Hibya Haber Ajansı