Yaponiyaya gələn əcnəbi turistlərin sayı koronavirus pandemiyasına görə apreldə 99 faiz azalıb

Yaponiyaya gələn əcnəbi turistlərin sayı koronavirus pandemiyasına görə apreldə 99 faiz azalıb

Vakıf Katılım

Yaponiyaya gələn əcnəbi turistlərin sayı koronavirus pandemiyasına görə sərhəd nəzarətinin gücləndirilməsi nəticəsində apreldə əvvəlki illə müqayisədə 99 faiz azalaraq 1256 nəfər təşkil edib.

Yaponiya İmmiqrasiya Agentliyi xəbər verir ki, cari ilin yanvarınadək əcnəbi turistlər arasında xüsusi yer tutan çinlilər bir il əvvəlki 598 min 896 nəfərə qarşı cəmi 29 nəfər təşkil edib.

Cənubi Koreyadan olan turistlərin də sayının 546 min 368-dən 24 nəfərə düşdüyü bildirilir. ABŞ-dan gələn turistlərin sayının 164 min 435-dən 296-ya, Avropadan gələnlərin sayının isə 236 min 707-dən 58 endiyi bildirilir.

Xatırladaq ki, Yaponiya hökuməti ötən ay koronavirusla mübarizə məqsədilə ABŞ, Çin və Cənubi Koreya daxil olmaqla, 87 ölkədən və ərazi vahidindən ölkəyə girişi qadağan edib.

Yaponiyanı ziyarət edənlərin sayı fevralda, koronavirus təhlükəsi yarandıqdan sonra Çinin Hubey əyalətindən və Cənubi Koreyanın bəzi rayonlarından gəliş qadağan edildiyinə görə azalmağa başlayıb.

Agentliyin bildirdiyinə görə, həmin ay ziyarətçilərin sayı 58 faiz azalaraq 989 min 741 nəfərə, martda isə 94 faiz azalaraq 152 min 162 nəfərə enib.

Qeyd edək ki, ötən il Yaponiyanı 28,4 milyon əcnəbi turist ziyarət edib. Onların arasında çinli turistlər 7,42 milyon, cənubi koreyalılar isə 5,34 milyon olub.

“Tokio 2020” Yay Olimpiya və Paralimpiya Oyunlarını təxirə salanadək Yaponiya hökuməti qarşıya cari ildə ölkəni 40 milyon turistin ziyarət etməsi vəzifəsini qoymuşdu.

Hibya Xəbər Agentliyi